Bayramlarımız
Tagged Tags:

Salam, dostlar!
Hər bir xalqın milli, dini bayramları olduğu kimi doğma Azərbaycanımızın da milli, dini bayramları vardır. Əziz dostlar, bu gün sizə Azərbaycanın dini bayramlarından olan Ramazan və Qurban bayramından söhbət açmaq istəyirəm. Ramazan və Qurban bayramını təkcə Azərbaycan xalqı deyil, bütün İslam aləmi qeyd edir.


Xristianlıq və yəhudilikdə də müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda Qurban bayramının xüsusi mahiyyət və əhəmiyyəti vardır. Müsəlmanların qeyd etdiyi Qurban bayramı insanları paklığa, halallığa və Allaha qarşı vəfalı olmağa çağırır. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam durur. Qurban bayramı zilhiccə ayının 10-da qeyd olunur.


Məhəmməd (s) Peyğəmbərin bir hədisində buyurulur: “ İldə bir neçə dəfə rahat yatıram. Onlardan biri də Qurban bayramı günüdür. Bilirəm ki, ümmətimdən elə bir adam tapılmaz ki, həmin gün qurbanlıq ətindən faydalanmasın”.


Dostlar, Qurban bayramı İbrahim Peyğəmbərin adı ilə bağlıdır. Allah-Təala İbrahim Peyğəmbərə əmr edir ki, oğlu İsmayılı ona qurban versin. İbrahim Peyğəmbər Allaha olan sədaqət və sevgisindən heç düşünmədən bununla razılaşır. İsmayıl Peyğəmbər də atası İbrahim peyğəmbərə Allah yolunda qurban kəsilməyə hazır olduğunu bildirir. Lakin Allah-Təala Cəbrayıl əleyhissalamı göndərir və Cəbrayıl əleyhissalam İbrahim Peyğəmbərə Allah- Təalanın ondan razı olduğunu bildirir və Allah-Təala İsmayıl Peyğəmbərin yerinə bir qoç göndərir ki, o qoçu qurban etsin.


Qurbanlıq-qoyun, dəvə, danadan kəsilir. Qurban bayramı günü hər bir imkanlı şəxsin qurban kəsməyi vacibdir. Qurban bayramı günü təkcə müsəlmanlara deyil, başqa dindən olan kasıblara da qurban əti paylanılır.
Bu bayram günündə böyüklü-kiçikli, hər kəs bir-birini təbrik edir, bayram namazı qılınır , qurbanlar kəsilir, hamıya qurban payı paylanılır, kasıbların qazanı qaynayır, körpə gülüşləri aləmi bürüyür.

Əziz dostlar, indi də sizə müqəddəs bayramımız olan Ramazan bayramı haqqında söhbət açmaq istəyirəm.
Ramazan bayramı şəvval ayının 1-ci günü, Ramazan ayının sonunda, orucun sona çatması ilə qeyd edilir. Ramazan ayında oruc tutmaq müsəlmanlara hicrətin 2-ci ilində, yəni 622-ci ildə təyin edilmişdir. Ramazan ayı rəhmət, ibadət, şəfqət, saflıq ayıdır. Onu on bir ayın sultanı da adlandırırlar. Qurani-Kərim Bəqərə surəsinin183-cü ayəsində buyurur: “Ey iman gətirənlər, oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə (də) vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz ”.
Qurani-Kərim ramazan ayının Qədr gecəsində nazil olmuşdur. Qurani-Kərimdə Qədr gecəsi haqqında belə yazılır: “Qədr gecəsi min aydan daha xeyirlidir. O gecə mələklər Rəbbimizin izniylə Yer üzünə enərlər və o gecə dan yeri sökülənə qədər salamatlıqdır ”. Qədr gecəsi insanlar dan yeri sökülənə qədər Quran oxuyar, namaz qılar, Allaha dua edərlər.
Ramazan bayramında hər kəs öz himayəsində olanlar üçün 3 kiloqram buğda, xurma və ya kişmiş miqdarında fitrə zəkatı verir. Bayram namazı qılınır, dualar oxunur və hamı bir-birini təbrik edir.

Əziz dostlar, indi isə sizə hər birinizin çox sevdiyi, bizim milli bayramımız Novruz bayramı haqqında danışmaq istəyirəm.
Novruz bayramı təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında, eləcə də Türkiyədə, İranda, Türkmənistanda, Özbəkistanda, Qazaxıstanda, Qırğızıstanda və başqa Türk dövlətlərində qeyd edilir.
Novruz bayramı martın 20-i daxil olur, həmin gün yaz fəsli girir, gecə-gündüz bərabərləşir. Novruz bayramında xalqımız yazın rəmzi olan səməni göyərdir. Bu bayramda hər tərəfdə təmizlik işləri görülür, ağaclar əkilir, xanımlar süfrələri bəzəmək üçün cürbəcür şirniyyatlar hazırlayır, rəngbərəng yumurtalar boyayırlar. Bayram gecəsi uşaqlar qonşuların qapısına papaq atır, bayram payı istəyirlər. Novruz bayramı ilə əlaqədar olaraq, 10-12 gün qeyd olunan bayram günlərində dost-tanış, qohum-əqrəba bir-birinin evinə bayramlaşmağa, təbrikə gedir, Novruz bayramı üçün hazırlanmış nemətlərdən sovqat aparırlar. Bir-birlərinə “Bayramınız mübarək”, “Neçə-neçə belə bayramlara çatasınız”, “Ömrünüz-gününüz bahar ətirli olsun” deyirlər. Bayram günündə küsülülər barışar, yoxsullara, kimsəsizlərə diqqət və qayğı göstərilər. Novruz xonçası hazırlanıb həmin adamlar arasında paylanılar. Bu bayram ölkəmizin hər bir bölgəsində xüsusi maraqla qeyd olunur. Bir sözlə, səmimilik, mehribanlıq, xeyirxahlıq, halallıq doğma Azərbaycan xalqının dəyər verdiyi xüsusiyyətlərdəndir.

Hazırladı: Cəfərova Zeynəb

Redaktə etdi: Heydərova Gülbacı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir