Ramazan ayında Qədr gecəsinin hikməti….

Mehriban Allahın adı ilə


Əziz dostlar, İslami hədislərə əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə keçən gecələrə təsadüf edir. Bu üç gecənin birində müqəddəs Qurani-Kərim nazil olub.

Allah-Təala Qurani-Kərimdə buyurur: “Həqiqətən biz onu (yəni Quranı Kərimi) Qədr gecəsi nazil etdik!”.

Əgər bir şəxs Qədr gecəsi ibadətlə məşğul olarsa, onun bu gecədəki ibadəti min ayın (təqribən 84 il) ibadətindən üstün və fəzilətli olar.
Qədr gecəsi Allah insanların dualarını qəbul edir və mələklər yerə enib onları salamlayırlar. Bu gecə elə bir gözəl gecədir ki, Allah-Təala o gecədə yer üzünə mərhəmət, sağlamlıq və əmin-amanlıq nazil edir.

Dostlar, Qədr gecəsi həm bərəkətli, həm də olduqca əhəmiyyətli gecədir. Hədislərdə nəql olunur ki, o gecə şeytan möminlərə yaxın düşə bilməz. Hər kəs bu gecənin ləzzətini, mənəvi gözəlliyini hiss etmək istəyirsə, bu gecəni ibadətlə keçirməli, mələklərin salamına cavab verməlidirlər.
Qədr gecəsi əhya saxlamaq, yəni səhərədək oyaq qalmaq savab sayılır.

Hər kim Qədr gecəsində oyaq qalıb Allaha ibadət edərsə, Allah-Təala ona min ayın ibadətinin savabından artıq savab yazar. Əgər bir kəs oyaq qalmaqla narahat olursa, yatmağın heç bir eybi yoxdur. İnsanın bu gecəni oyaq qalmaq və ibadət etmək niyyəti ona bu savabı qazanmağa imkan verir. Gecə oyaq qalıb narahat halda ibadət etmək düzgün deyil. İnsan gərək ibadəti eşq və həvəslə yerinə yetirsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir