Sağlamlığımızı qoruyaq

Yuxu rejimi, hərəkət və gigiyena
Bəzi uşaqlar gecədən xeyli keçənə qədər oyaq qalıb televizora baxmağa, yaxud kompüter arxasında əyləşməyə vərdiş etmişlər. Onlar bilməlidirlər ki, saatlarla hərəkətsiz oturmaq və yuxusuz qalmaq insanın sağlamlığına çox ziyan vurur. Yuxu rejiminin pozulması isə orqanizmin yuxuya olan ehtiyacının ödənməsinə mane olur.


Gigiyena qaydalarına əməl etmək vərdişi uşaq yaşlarından formalaşır. Məsələn, dişləri fırçalamaq vərdişi sayəsində dişlər sağlam olur, onların çürüməsinin qarşısı alınır. Sağlam dişlərlə qidanı yaxşı çeynəmək olur. Bu isə həzmi asanlaşdırır. Yaxud çirkli əllərlə gözünə qulağına, ağzına toxunmaq xəstəliyə saəbəb ola bilər. Ona görə də əlləri tez-tez yumaq lazımdır. Vaxtlı-vaxtında yuyunmaq vərdişi isə bədəni təmiz saxlamağa kömək edir.


Düzgün qidalanmamaq, yuxu rejiminə və gigiyena qaydalarına əməl etməmək orqanizmin müqavimətini zəiflədir. Orqanizmin müqaviməti zəifləyəndə isə insan asanlıqla xəstələnir. Məsələn, payız və qış aylarında angina və qrip xəstəlikləri geniş yayılır. Orqanizminin müqaviməti zəif olan insan bu xəstəliklərə başqalarına nisbətən daha tez yoluxur.


Nazik geyinmək, soyuq su içmək, soyuq havalarda yuyunub bayıra çıxmaq sağlamlığına qarşı laqeydlikdir. Çünki bu cür zərərli vərdişlər zaman keçdikcə insanın orqanizmində müxtəlif xəstəliklərin yaranması ilə nəticələnir.


Xəstələnərkən özbaşına dərman qəbul etmək düzgün deyil. Yalnız həkimin yazdığı dərmanları böyüklərin nəzarəti altında qəbul etmək lazımdır. Çünki sənin hansı dərmanı qəbul etməli olduğunu heç kim həkimdən yaxşı bilməz. Böyüklər isə sənin dərmanları qaydasında qəbul etməyini nəzarətdə saxlayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir