Çörək
Tagged Tags:

Allahın adı ilə
Əziz dostlar, insan həyatını çörəksiz təsəvvür etmək çətindir. Ölkəmizdə çörək bir nömrəli qida, ərzaq məhsulu hesab edilir.
Böyüklər həmişə kiçiklərə nəsihət edirlər ki, yerdə çörək parçası görəndə onu qaldırıb öpmək və uca bir yerə qoymaq lazımdır. Bizdə əsl dostluq da çörək kəsməklə başlayır. Bütün bunlar göstərir ki, xalıqımız çörəyə müqəddəs bir nemət kimi, bərəkət kimi qiymət verir və onu uca tutur.

Sığal çəksən torpağa
Torpaq çörək yetirər.
O olmasa süfrəmiz
Görkəmini itirər.

Hər bir nemətdən əziz
Yenə bizə çörəkdir.
Ay uşaqlar, çörəyi
Çox qorumaq gərəkdir.

İnsanlara çörək qədər əziz olan başqa bir nemət yoxdur. Azərbaycan xalqı ən qədim zamanlardan çörəyə ehtiramla yanaşmış, evinə ən əziz qonaq gələndə onu duz-çörəklə qarşılamışdır.


Çörək əvəzedilməz nemətdir. Hər yerdə süfrəyə birinci çörək gətirirlər. Çünki çörək süfrənin şahıdır. Çörəksiz ən böyük qonaqlıq da insanı doydura bilməz. Çörək elin varı, elin sərvətidir. Çörəyə xor baxmaq, onu ayaq altda atmaq, tullamaq, diz üstə bölmək olmaz.
Çörəyi tapdalamaq, ona xor baxmaq olmaz. Çörəyi bilmədən tapdaladıqda onu öpərək göz üstə qoymaq lazımdır. Ata-babalarımız deyiblər ki, çörəyə xor baxan, ona hörmətsizlik edən adamın evində heç vaxt bolluq olmaz. Çünki çörəyə hörmətsizlik evin bərəkətini qaçırır.

Əziz dostlar, bir gün bizim əziz peyğəmbərimiz (s) buyurdu:
Çörəyə ehtiram edin!
Soruşdular: Ey Allahın peyğəmbəri (s), necə ehtiram edək?
Peyğəmbər (s )cavab verdi: Süfrəyə çörək gələn kimi onu yeməyə başlayın, sonra gələcək yeməkləri gözləməyin.
Çörəyi uca tutmaq və qorumaq hamımızın borcudur. Bizlər də hər zaman dua etməliyik ki, xalqımızın çörəyi daim bol olsun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir